Qaliblərin ünvanına xoş sözlər deyildi
Lənkəran Şəhər Təhsil Şöbəsinin təşəbbüsü və
Lənkəran “Araz” kurslarının təşkilatçılığı ilə Cənub bölgəsi (Lənkəran,
Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı) üzrə VIII və IX sinif
şagirdlərinin iştirakı ilə keçirilmiş “Bilik yarışı”nda ilk 3 yeri tutan
24 məktəbli, həmçinin həmin şagirdlərin oxuduqları məktəblərin
direktorları qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bilik yarışının qaliblərini Lənkəran Şəhər
İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri
üzrə müavini Səmədağa Abdullayev və Rayon Təhsil Şöbəsinin müdiri Şəhanə
Əhmədova da qəbul edib. Görüşdə qalibləri təbrik edən S. Abdullayev bu
şagirdlərin yüksək bilik nümayiş etdirərək fərqlənmələrində “Araz”
kurslarının, həmçinin orta məktəb müəllimlərinin də əməyinin danılmaz
olduğunu vurğulayıb. Şəhanə Əhmədova isə deyib ki, bu kimi yarışların
keçirilməsi savadlı şagirdlərin həyatında mühüm rol oynayır: “Belə
istedadların üzə çıxarılması və onlara daha düzgün istiqamət verilməsi
sahəsində “Araz” kurslarının fəaliyyətləri təqdirəlayiqdir”.
Lənkəran “Araz” kurslarının müdiri Musa Şükürov bizimlə söhbətində
bildirib ki, belə yarışları keçirməkdə əsas məqsəd şagirdlərin təhsilə,
biliyə olan maraqlarını daha da artırmaqdır. Onun sözlərinə görə, bilik
yarışında 1050 nəfər şagird iştirak edib: “Bilik yarışında Lənkəran
rayonunun Zövlə kənd tam orta məktəbinin şagirdi Ülkər Qarazadə VIII
siniflər arasında 397, Lənkəran şəhər 3 saylı məktəbin şagirdi Fərid
Məmmədov isə IX siniflər arasında 655 balla Cənub bölgəsi üzrə birinci
yeri tutublar. Onlar bu ilin fevral ayının 4-də Bakı şəhərində, “Araz”
kurslarının Baş İdarəsində ümumi mükafatlandırma tədbirində
mükafatlarını alacaqlar”. Qeyd edək ki, bu bilik yarışında yer tutmuş 24
nəfər şagird “Araz” kurslarında təhsil haqqında güzəştlərlə hazırlıq
imkanı da əldə ediblər. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42251

