Qafqaz universitetində Keyfiyyətin idarə olunması ilə bağlı "dəyirmi masa" keçirilib

           Boloniya prosesinin mühüm prinsip və şərtlərindən olan ali təhsildə keyfiyyətin idarə olunması ölkəmizin bu prosesə qoşulmuş bütün ali təhsil müəssisələri üçün hazırda ən aktual və həllivacib məsələlərdən biridir. Son illər ali təhsildə keyfiyyətin idarə olunması, bununla bağlı dünya standartlarının tətbiqi istiqamətində bir sıra addımlar atılmış, bəzi ali təhsil müəssisələrində, xüsusən də Qafqaz Universitetində keyfiyyətə nəzarət sahəsində müsbət təcrübə toplanmışdır. Həmin təcrübə ilə tanış olmaq, eləcə də Beynəlxalq Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə yanvarın 26-da Qafqaz Universitetində "dəyirmi masa" keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsindən, ölkənin bir sıra ali təhsil müəssisələrindən nümayəndələr iştirak edirdilər.
"Dəyirmi masa"nı giriş sözü ilə açan Qafqaz Universitetinin Keyfiyyətə Nəzarət Komissiyasının sədri Ədalət İbadov məsələnin aktuallığını qeyd edib tədbirin məqsəd və proqramı haqqında məlumat verdi. Sonra Türkiyə Standartları İnstitutunun Azərbaycan təmsilçisi Həsən Dəmirtaş İSO - 9001-2008 Beynəlxalq Keyfiyyəti İdarəetmə Sisteminin ali təhsildə tətbiqi ilə bağlı təqdimat etdi. Məruzəçi öncə təmsil etdiyi qurumun yaranma tarixi, quruluşu və fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirdi ki, Türk Standartları İnstitutu 1960-cı ildə yaradılmışdır. Könüllülük əsasında xidmət göstərən institutun fəaliyyət sahələrinə sistem haqqında məlumatların verilməsi, personalın təlimləndirilməsi, məhsul və xidmət yeri haqqında məlumatlandırma, standart hazırlama və s. təşkil edir. İnstitut 2010-cu ildə müxtəlif təhsil proqramları üzrə 30 min nəfərə təhsil verib. Fəaliyyətə başladığı vaxtdan bəri isə ölkə xaricində fəaliyyət də daxil olmaqla 250 min nəfər bu qurumun təşkil etdiyi müxtəlif təlim kurslarında iştirak edib. İnstitutun Azərbaycan təmsilçiliyi 1970-ci ildə Azərbaycan Standartlar Təşkilatı ilə əməkdaşlıq məqsədilə yaradılıb.
H.Dəmirtaş sonra təqdimatında İSO - 9001 Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemindən, onun tətbiqi yönündə universitetlərində görülmüş işlərdən danışdı. Digər universitetlər üçün hazırlanmış keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə dair "yol xəritəsi"ni iştirakçıların diqqətinə çatdırdı.
Sonra Qafqaz Universiteti Keyfiyyətə Nəzarət Komissiyasının sədri Ədalət İbadov təqdimat edərək universitetlərində İSO - 9001-2008 Beynəlxaq Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi istiqamətində görülmüş işləri və toplanmış təcrübəni iştirakçılarla paylaşdı. Bildirdi ki, bu sistem Qafqaz Universitetində 2004-cü ildən tətbiq olunur. İSO - 9001 standartlar sistemi tipindən və böyüklüyündən asılı olmayaraq hər bir qurumun effektli bir keyfiyyətin idarəetmə sistemi qura və bunu uğurla tətbiq edə bilməsi məqsədilə yaradılmışdır. Adıçəkilən standart keyfiyyəti idarəetmə sistemlərinin əsaslarını müəyyənləşdirir və keyfiyyətin idarə olunması sistemi ilə bağlı anlayışları izah edir. Qafqaz Universiteti Keyfiyyətin İdarə olunması ilə bağlı əsas prinsipləri "Keyfiyyət əl kitabi" toplusunda bir araya gətirmişdir. Bu istiqamətdə fəaliyyətlər Keyfiyyətə Nəzarət Komissiyası tərəfindən həyata keçirilir və nəticələri izlənilir. Komissiyanın tərkibi rektor tərəfindən təyin olunan sədrdən, hər fakültədən bir nümayəndə və bir nəfər də komissiya katibindən ibarətdir.
Təqdimatlar başa çatdıqdan sonra mövzu ilə bağlı müzakirələr aparıldı, təqdimatçılar onlara ünvanlanmış sualları cavablandırdılar. "Dəyirmi masa"nı yekunlaşdıran Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut müzakirələrin faydalı olduğunu vurğuladı, iştirakçılara minnətdarlığını bildirdi. 
Yusif ƏLİYEV 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde