
“Çağ” Öyrətim Şirkəti Azərbaycan və Türkiyə arasında qurulmuş ilk təhsil körpüsüdür.
Şirkətin Bakı da daxil olmaqla Azərbaycanın şəhər və rayonlarında 12
ümumtəhsil məktəbi-liseyi, 12 ali məktəbə hazırlıq kursu və bir ali
təhsil müəssisəi - “Qafqaz” Universiteti var. Çağdaş Azərbaycan təhsil sistemində özünəməxsus yeri olan bu qurumun iş prinsipini bilmək yəqin ki, hər kəs üçün maraq doğurur. Elə bu maraq bizi “Çağ” Öyrətim Şirkətlər qrupuna daxil olan Bakı Özəl Türk liseyinə apardı. Valideynlər övladlarını dərs zamanı internetlə izləyəcəklər... Liseydə bizi Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qarşıladı.
Elə ilk andaca hiss etdik ki, idarə rəisi mətbuatla işləməyə xüsusi
diqqət verir. İki saatdan artıq liseydə olduğumuz müddətdə Arif
Gömleksiz bir an da olsun bizdən ayrılmadı. Maraqlandığımız bütün
məsələlər barədə özü məlumat verdi. Şəxsən özü bizimlə birgə demək ola
ki, bütün lisey binasını dolaşdı. Öncə o, bizi liseydə kameraların monitoru olan otağa apardı. Məlum oldu ki, burada 112 kamera quraşdırılıb.
Bütün sinif otaqları, yeməkxana, liseyin həyəti bu monitordan
izlənilir. A.Gömleksiz bildirdi ki, bu kameralar vasitəsilə həm
müəllimlərin, həm də şagirdlərin dərs vaxtlarındakı davranışlarını seyr
etmək, eşitmək mümkündür: - Bu isə o deməkdir ki, burada hər
şey nəzarət altındadır. Bunu etməyimizin bir neçə səbəbi var, birincisi,
təhlükəsizlik məsələsidir. Bundan başqa, şagirlərin dərs vaxtı
davranışlarına, nə etdiklərinə nəzarət edə bilirik. Bizdə elə bir sistem
hazırlanır ki, yaxın zamanlarda valideynlər öz övladlarını dərs vaxtı
internet vasitəsilə görə biləcəklər. Bundan başqa elektron məktəb
sistemimiz var. Saytımızda hər şagirdin öz kodu yerləşdirilib, o kodla
valideyn sayta daxil olub övladının davamiyyətini, hansı fənndən neçə
aldığını, hansısa bir cəza aldığını, bir sözlə, şagird haqqında bütün
məlumatları öyrənə bilir. Müəllimlərimiz hər dəfə dərs bitdikdə bütün
məlumatları saytda yerləşdirirlər. Bizdə müəllim dərsə daxil olan
kimi birinci kompüterini açır, dərs cədvəlinə baxır, izah edəcəyi
mövzunun adı, bir sözlə, dərsə aid hər şey ekranda görünür. Texniki təchizat Azərbycanın ali məktəblərilə müqayisə oluna bilər Arif bəy bildirir ki, onlarda hər bir sinifdə maksimun 22 şagird olur:
- Bundan da az ola bilər. Kompüter dərslərində də hər şagirdin öz
kompüteri olur, müəllim də hər bir şagirdlə ayrıca məşğul ola bilir.
Bizim məqsədimiz budur ki, məktəbi kompleks halında müasir standarta
uyğunlaşdıraq. Yataqxana, sinif otaqları, idman zalı, 500 nəfərlik
konfrans zalı kimi ayrıca binalar tikək. Hesab edirəm ki, təxminən bir
il yarıma qədər dediklərim hazır olacaq. (Hazırda burada tikinti işləri
gedir-S.İ) Liseyin texniki təchizatı Azərbaycanda ali təhsil
müəssisələri ilə müqayisə oluna bilər. Burada bir mərtəbə yalnız
ayrı-ayrı fənnlər üzrə lobaratoriya otaqları üçün ayrılıb. Kimya, fizika
lobaratoriyaları, musiqi və rəsm atelyesi var. Məktəbdə iki
konfrans zalı var. Biri 100, digəri isə 60-70 nəfərlik... Digər 500
nəfərlik zal isə indi tikilir. Ora teatr səhnəsi kimi hazıranacaq.
“Binanın bir mərtəbəsi isə ayırca olaraq olimpiadaçılar üçündür. Biz bu
olimpiadaçıları 12 liseyimizdən seçib gətirmişik. Onların hamısı ali
təhsil müəssisələrinə imtahan verərkən 600 balı keçə biləcəklər. Bu
şagirdlər gecə də burada qalırlar. Şagird 7-ci sinfi bitirir, sonra
imtahan verir, əgər yaxşı bal yığırsa, onu bura gətiririk. Həmin
uşaqlara burada xüsusi dərslər keçilir. Burada qalan şagirdlər iki yerə
bölünür. Olimpiadaçılar və qəbul zamanı 600 balı keçəcək olanlar.
Olimpiadçılarımız 3 il burada hazırlaşır, 8, 9 və 10-cu siniflərdə...
Onlar üçün biz xaricdən, buradakı universitetlərdən professorlar dəvət
edirik. Biz Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və
Texnologiya İnstitutuna şagirdləri göndəririk. Ancaq bu şəraiti
rayonlarımızdakı məktəblərdə yarada bilmirik. Ona görə də yaxşı
şagirdləri seçib buraya gətiririk”-deyə A.Gömleksiz bildirdi. “Məktəbəqədər təhsildən başlayırıq...” Müshibimizlə liseyi gəzə-gəzə söhbətləşirik. Arif Gömleksiz söhbətə davam edir:
- Biz indi məktəbəqədər təhsilə diqqət veririk. Hazırda 2 uşaq bağçamız
var ki, onlar da liseylərimizin tərkibində fəaliyyət göstərir. Bu uşaq
bağçaları “Qara Qarayev” və “Gənclik”də yerləşir. İndi “Təhsil haqqında”
qanuna görə, hər birinci sinifə gedən uşaq mütləq məktəbəqədər təhsil
müsəssisəsindən keçməlidir. Biz uşaq bağçasından uşaqları qəbul edirirk,
onlar məkəblərimizdə 11-ci sinfə qədər təhsil alırlar. “Araz” kursları
vasitəsilə universitetə hazırlaşırlar və Qafqaz Universitetində ali
təhsil alırlar. Buranı bitirdikdən sonra onlar istənilən dövlət
orqanında, özəl şirkətlərdə çox rahat iş tapa bilirlər. Əgər bir
valideyn öz övladına keyfiyyətli təhsil vermək istəyirsə, əminliklə deyə
bilərəm ki, “Çağ” Öyrətimi seçə bilərlər. 5 yaşından uşağı qəbul
edirik. Ona çox yüksək təhsil verir, həm də ailəsinə, dövlətinə,
vətəninə layiqli övlad yetişdiririk. Bizim təhsil sistemində təhsildən
əlavə tərbiyəyə də çox önəm verilir. Biz 7-ci sinifdə şagirdləri
imtahan vasitəsilə məktəbə qəbul edirik, 1 il bu şagirdlərə həftədə 18
saat olmaqla ingilis dili keçilir. Şagirdlər 1 il ərzində ingilis
dilində sərbəst danışmağı, yazmağı, dərs ingilis dilində keçildikdə
müəllimi dinləyib nəticə çıxarmağı bacarırlar. Bunu öyrəndikdən sonra
artıq 8, 9, 10, 11-ci siniflərdə dəqiq fənləri ingilis dilində keçirlər.
Bizim məktəblərdə dəqiq fənnlər –riyaziyyat, kimya, fizika, informatika
ingilis dilində, digər humanitar fənnlər isə Azərbaycan dilində
keçilir. Həftədə cəmi 2 saat Türk dili dərsi öyrədilir. Əgər şagird
dərsi başa düşməsə, şənbə günü gəlib yenidən müəllimdən dərsi başa
salmağı tələb edə bilər. Ona görə də məzunlarımız ən yaksək
ballarla universitetlərə daxil olurlar. Hətta onların bir qismi ali
təhsili başa vurduqdan sonra yenidən buraya qayıdırlar. Təbii ki, bu
zaman müəllim kimi... Deyə bilərəm ki, indi bizim belə 41müəllimimiz
var. Onlar bizim 12 məktəb arasında bölünüb dərs keçirlər. “12 məktəbimizdə 4000 şagird təhsil alır...”

A.Gömleksiz deyir ki, onlara məxsus 12 məktəbdə 4000 şagird təhsil alır:
- Amma ən savadlı şagirdlər bu məktəbə gətirilir. Ümumən savadlı
uşaqları iki yerə bömək olar, birinci ümumi olaraq savadlı uşaqlar,
ikinci isə istedadlı uşaqlar. Bu istedadlı uşaqlar ən çox dağ
rayonlarından, inkansız ailərlərdən çıxır. Beynəlxalq olimpiadlarda ən
yaxşı yer tutan şagırdlərimiz də elə yerlərdən olan şagirdlərimizdir.
Bizim məktəblər pullu məktəblərdir, qiymətlər regionlar üzrə 7000
manatdan 2500 manat arasındadır. Hər il imtahan vasitəsilə 12
məktəbimizdə ilk 3 yeri tutan şagirdlər 11-ci sinifə qədər pulsuz
oxuyurlar. Bu, hər il 36 şagird edir. Bundan başqa, əgər şagird dünya
olimpiadalarında yer qazanırsa, onun da təhsili pulsuz olur. Respublika
olimpiadalarında, idman yarışlarında qalib gələnlər, eləcə də şəhid
ailəsinə, qaçqın övladlarına güzəştlərimiz var. Bizim qəbul
imtahanlarımız hər il aprel ayının ikinci həftəsinin bazar günü olur. Ən
azı Bakıdakı liseyimizə 10000 uşaq müraciət edir, ancaq bizdə 600 uşaq
qəbul olunur. Bizim üçün əsas olan uşağın savadlı olmasıdır. İmkansız
olub savadlı olan uşaqlarımız üçün də güzəştlərimiz var. Demək olar ki,
dövlət xətti ilə xaricə təhsil almağa gedən tələbələrin çoxu bizim
şagirdlərimizdir. Çünki onların xarici dil bilikləri, savadları,
dünyagörüşləri genişdir. Onların olimpiada sertifikatları var. Tələbə
Amerikada, Avropada təhsil almaq istəyirsə, universitetlər şagirdin balı
ilə yox, sosial aktivliyi, olimpiada sertifikatları ilə də maraqlanır.
Bizdə bu məsələlərə də diqqət verilir. “Müəllimlərimizlə şagirdlərin 7-8 il yaş fərqi var”
“Çağ”ın məzunlarının ali məktəblərə qəbul prosesində yüksək göstərici
nümayiş etdirmələri hər kəsə məlumdur. Müsahibimiz bizə bunun səbələrini
danışır: - Bizim müəllimlərimiz cavandırlar. Onların
şagirdlərlə cəmi 7-8 yaş fərqi var. Bu da müəllimlə şagird arasında
ünsiyyətin daha yaxşı qurulmasına kömək edir. Müəllimi işə qəbul edərkən
müsabiqədən keçiririk. Bizim üçün müəllimin savadı ilə yanaşı, əxlaqı,
tərbiyəsi çox önəmlidir. Məsələn, biz siqaret çəkən müəlimi işə
götürmürük. Əgər siqaret çəkən müəllim şagirdə desə ki, siqaret çəkmək
ziyandır, şagird üçün bunun təsiri olmayacaq, çünki şagird bilir ki,
müəllimin özü də siqaret çəkir. Şagird müəllimi özü üçün ideal olaraq
görür, onun savadını, tərbiyəsini, əxlaqını görür və onun kimi bir
müəllim olmaq istəyir. Təmiz cəmiyyətin içindən pis adam çıxmır, pis
cəmiyyətin içindən isə pis adam çıxar. Bu, bir məsəldir.
Liseylərinin beynəlxalq əlaqələrinə gəlincə, A.Gömleksiz deyir ki,
onlarda xariclə şagird mübadiləsi yoxdur, ancaq müəllim mübadiləsi var:
- Əgər bir müəllim başqa bir ölkəyə getmək istəyirsə, özündə bir
dəyişiklik etmək istəyirsə, biz onu başqa bir ölkəyə göndərə bilirik.
Keçən il bizim məktəbdə direktor müavini işləyən bir müəllim indi
müqaviləyə görə Somalidə direktor işləyir. Hətta bizim məktəbin
məzunları var ki, digər öləklərdə məktəb direktoru işləyirlər. Bizim
digər ölkələrdə açılan türk məktəblərimizlə demək olar ki, dərs
sistemimiz eynidir. Dəqiq fənlər ingilis dilində, humanitar fənlər isə
həmin dövlətin öz dilində tədris olunur. Bizim məktəblər arasında
tez-tez Türk dili yarışmaları olur. Məlumat üçün bildirim ki, 17
fevralda ana dili, 4 martda isə Türk dili yarışması olacaq. Ən yaxşı
şagirdləri Türkiyəyə aparacağıq. Keçən il “Azərbacana sevgi” adlı
yarışmada Azərbaycanla bağlı şeir və mahnılar oxundu. Bundan başqa, 2
saatlıq bir tədbirimiz də oldu. Bütün ölkələrdən gələn şagirdlər ancaq
Azərbaycan dilində şeirlər dedi, mahnılar oxudu. Afrikadan gələn bir
şagird “Ayrılıq” mahnısını oxudu və birinci yerə çıxdı. Bosniyadan gələn
bir şagird isə “Sən gəlməz oldun” mahnısı ilə yer tutdu. “15-16 yaşlı şagirdlərimiz Avropanın 18-19 yaşlı şagirdləri ilə yarışırlar”
Yeri gəlmişkən, onu da qeyd edək ki, biz liseydə olarkən buranın
şagirdləri Qazaxıstan və Cənubi Afrikada keçirilən beynəlxalq
olimpiadadan medalla qayıtmışdılar. Arif Gömleksiz bizi onlarla da tanış etdi. Hacı Piriyev Mingəçevir Özəl Türk Liseyindən gəlib, fizika fənnindən olimpiadada gümüş medal qazanıb. Elmi Əhmədov Mingəçevir özəl türk liseyindən gəlib, kimya fənnindən olimpiadada yer tutub. Cəlil Davudlu Lənkəran Özəl Türk Liseyindən seçilərək bu məktəbə gəlib və kimya fənnindən olimpiadada yer tutub. Balaqardaş Bəşirov Şirvan Özəl Türk Liseyinin şagirdidir. O, kimya fənnindən olimpiadada yer tutub. Şahin Mustafayev Bakı Özəl Türk Liseyinin şagirdidir. O isə riyaziyyat fənnindən olimpiadada yer tutub.
Bizimlə söhbətində Hacı Piriyev builki olimpiadanın keçən ilkinə
nisbətən daha çətin olduğunu dedi: “Olimpiada iki hissədən ibarət oldu:
nəzəri və eksperiment. Nəzəri yaxşı oldu, amma cihazlardan biraz
əksikliyimiz oldu. Yayda keçiriləcək olimpiadada qızıl medal alacam.
İndiki olimpiada Qazaxıstanda keçirildi. Ora çox gözəl ölkədir, biz
oranı gəzdik. hər şey çox yaxşı təşkil olunmuşdu”. Olimpiada qalibi
deyir ki, əvvəllər bəzi dostları onun çox oxumağını istehza ilə
qarşılayırmışlar: “Amma sonralar mənim nailiyyətərimi görəndə peşman
oldular. Hətta bəziləri universitetə hazırlaşmağa qərar verdilər”.
Məktəbin müəllimi Fuad Qarayev isə bildirdi ki, şagirdlərin olimpiadada
əsas çətinliyi ondan ibarətdir ki, orada elə suallar olur ki,
ümumiyyətlə bizim təhsil proqramımızda o mövzular yoxdur: “Bu da
şagirdlərə çətinlik yaradır. Lakin, keçən il göndərdiyimiz şagirdlər 2
qızıl, 2 gümüş, 1 burünclə qayıtmışdılar”. Arif Gömleksiz də
təsdiq etdi ki, həqiqətən də riyaziyyatdan bəzi mövzuları izah etmək
üçün Moskvadan müəllim dəvət ediblər: “Bəzi şagirdləri kimyadan,
fizikadan təcrübə keçmək üçün Türkiyəyə göndərmişik. Qafqaz
Universitetində də laboratoriyalar açılıb, şagirdləri ora da
göndərəcəyik”. Elmi Əhmədov Cənubi Afrikadakı olimpiadada iştirak edib:
- Təşkilati məsələlər çox gözəl təşkil edilmişdi. Orada 41 ölkədən 360
şagird iştirak etdi. Biz də 1 gümüş, 2 bürünclə geri qayıtdıq”.
F.Qarayev isə əlavə etdi ki, Avropa məktəblərində təhsil 12-13
illikdir: “Bizim 15-16 yaşında olan şagirdlərimiz onların 18-19 yaşlı
şagirdləri ilə yarışırlar. Bu da çətinlik yaradır”. Arif Gömleksiz qeyd etdi ki, bizdə şagirdlər 11-ci sinifdə düşünürlər ki, olimpiadaya hazırlaşım, yoxsa universitetə:
“O da seçim qarşısında qalıb universiteti seçir. Uşaq cəmi 1 il
olimpiadaya hazırlaşır. Amma xaici ölkələrdə belə deyil. Dövlət deyir,
“sən olimpiadaya hazırlaş. Mən 100% səni imtahansız universitetə qəbul
edəcəm”. Şagirdin dərs, imtahan, univesitet barəsində heç bir problemi
olmur və olimpiadada əla yerlər qazanır. Şagirdlərin olimpiadlarda
iştirakına SOCAR sponsorluq edir. Millət vəkili, ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev çox sağ olsun, biliyə, savada qiymət verir.
Olimpiadalara gedənlərin bütün xərclərini onlar çəkir. Şagirdlər
olimpiadalardan qayıtdıqdan sonra Rövnəq Abdullayev onlarla görüşür,
söhbət edir, məsləhətlər verir, onları həvəsləndirir və hədiyyələr
təqdim edir. Təhsil Nazirliyi şagirdlərin pasport, viza məsələsini tez
bir vaxtda həll edir. Hansısa bir ölkədə çətinliyimiz olanda
səfirliyimiz bizə çox kömək edir. Axı biz xaricdə məktəbi deyil, bütün
Azərbaycanı təmsil edirik”. "İlk növbədə öz imicimizi düşünürəm"

“Biz özəl müəssisəyik, mən istəyərəm ki, hər il daha çox uşaq bizim
məktəbə daxil olsun. Əgər mənim şagirdlərimin universitetlərə qəbulu
100% olmasa, təhsilimin keyfiyyəti olmasa, gələn il bura uşaq
gəlməyəcək. Bizim uşaqların hamısı demək olar ki, 600-dan yuxarı bal
toplayır, hər biri ingilis dilini əla bilir. Əgər bunlar olmasa, bizim
sayımız azalacaq. Mən ilk növbədə öz imicimizi düşünürəm. Biz ilk gündən
imtahanla şagird qəbul edirik. Yüksək bal yığdın, gözümüz üstündə yerin
var. Bizə dediyiniz şəkildə də müraciət edənlər çox olur. Amma indiyə
kimi heç birini qəbul etməmişik. Bu məktəbdə keçid bal 55-dir. Şirvanda
50, Lənkəranda 45-dir. Sənin uşağın 45 bal yığıbsa, biz məsləhət görərik
ki, Lənkəranda oxusun, Bakıda yox. Lənkəranda yataqxana şəraitimiz də
var, hər şey yaxşıdır. İnsanlara alternativ təkliflər verə bilirik. Amma
uşaq 5, 10 bal yığırsa, valideyin nə etsə də, biz onun uşağını götürə
bilmərik. Bu, qeyri-münkündür. Belə məqamlar çox olub”. Öz
təcrübələrini Azərbaycandakı orta məktəblərlə bölüşməyə gəlincə,
müsahibimiz dedi ki, Təhsil Nazirliyinin nəzdində olan orta məktəblərlə
əməkdaşlıq edirlər, ortaq layihələrdə iştirak edirlər: “Mənə zəng
edən məktəb direktorları var. Təxminən 15 gün öncə təhsil naziri mənə
dedi ki, orta məktəblərlə əməkdaşlıq edək, onlarla birgə işləyək. Mən 6,
180, 200 nömrəli məktəblərə, eləcə də liseylərə getmişəm. Bizim
müəllimlər və direktorlar da orta məktəblərlər əməkdaşlıq edirlər.
Nazirliyin çox marağı var ki, bizlə digər orta məktəblər arasında əlaqə
qurulsun. Biz rayonlardakı müəllimlərə kompüter dərsləri keçirik. Bu
nazirliyin bizlə bərabar olan layihəsidir”. Kaş bütün orta məktəblərdə belə təhsil olaydı A.Gömleksiz mütəxəssis olaraq Azərbaycanda orta məktəblərdəki təhsilin səviyyəsi ilə bağlı da fikirlərini açıqladı: “Cavan kadr da azdır. Uşaqlarla işləmək üçün cavan müəllimlər lazımdır”.
Sonda müsahibimiz bizim üçün maraqlı bir faktı da açıqladı: “Bizim
məktəblərdə təhsil alan şagirdlərə repititor lazım deyil. Ancaq bu
məsələ burada sanki bir dəb halını alıb. Bəzi valideynlər uşaqlarını
repititor yanına qoyurlar. Səbəbini soruşduqda deyirlər ki, hamı belə
edir. Hesab edirəm ki, bu, yolverilməzdir”. Müəllimli, şagirdli
700-ə yaxın insanın olduğu liseydən ayrılırıq. Bu rəqəmi Arif
Gömleksizdən öyrənməsəydik, sanki burada 100 nəfərin belə olmadığını
düşünərdik. İki saatdan artıq orada olduğumuz zaman kəsiyində heç bir
səs-küy eşitmədik. Bunun səbəbini Arif bəydən soruşduqda “nə səs-küy,
hər kəs öz işindədir” cavabını verdi. Üstəlik nəzərə alsaq ki, Bakı Özəl
Türk Liseyində yalnız oğlanlar təhsil alır, yəqin hər kəs bunun nə
demək olduğunu kəsdirə bilər. Ürəyimdən “Kaş bütün orta məktəblərdə belə təhsil olaydı” arzusu keçir.


Sevinc İLTİFATQIZI
|
|