Kamillik zirvəsində
17 December, 2011
“Azərbaycan ədəbi - tənqidinin istedadlı və nüfuzlu nümayəndəsi” (Tural Mustafayev), “ ədəbi prosesin bütün dövrlərində fərdi üslubunu dəyanətlə qoruyan filoloq, təvazökar insan” (Nərmin Hacıyeva), “zəngin və çoxşaxəli yaradıcılıq yolu keçmiş ədəbiyyatşünas alim, əsl müəllim” (Aytən Məmmədova), “qarşısında danışmağa cəsarət etmədiyim, lakin dünyalarca sevdiyim pedaqoq”(Elton Qurbanzadə), “çətinliklərlə, haqsız ittihamlarla rastlaşsa da öz mövqeyindən çəkinməyən alim” (Vəfa Əmrahova), “ədəbiyyatı bütün varlığı ilə sevən, onun ayrı-ayrı problemlərini vətəndaş –alim mövqeyindən təhlil edən realist tənqidçi”(Fidan Hacıyeva), “Azərbaycan ədəbi-bədii dilinin inkişafında yorulmadan fəaliyyət göstərən, qayğıkeş ata” (Şərqiyyə Əhmədova)... Bu cümlələr Qafqaz Universitetinin tələbələri tərəfindən Azərbaycan dili və ədəbiyyatı bölüməsinin müdiri, filologiya elmləri doktoru, professor Akif Hüseynlinin ünvanına səsləndi.
Ədəbiyyat klubunun təçkilatçılığı ilə Akif müəllimin anadan olmasının 70 illiyi münasibətilə keçirilən ədəbi-bədii gecədə iştirak edən müəllimlər, alimlər, tələbələr və doğmaları ürək sözlərini söylədilər. Sözdə bəzəyi, mübaliğə və qeyri-səmimiliyi yox, məhz məna və məntiqi yüskək tutan yubiliyara prof. Əjdər Ağayevin hədiyyəsi xoş arzuları və səmimi duyğuları oldu. Azərbaycan MEA-nın əməkdaşı Lalə Əfəndiyeva elmi rəhbəri Akif müəllimin Azərbaycan ədəbi nəsrinə verdiyi töhfələrdə milli koloritin güclü olduğundan danışdı. Tələbələrin ürək sözlərindən, Akif müəllimə təmənnasız sevgisindən təsirlənən Lalə xanım zarafatyana bir ərklə “Nə olar, Akif müəllimi bizə qaytarın” deyə müraciət etdi.
Həmkarları Rəhman Quliyev və İslam Hüseynov ədəbi yaradıcılıqda prinsipiallığı, güclü elmi mühakiməsi ilə diqqəti cəlb etmiş alimi eyni zamanda nümunəvi pedaqoq və əsl dost kimi dəyərləndirdilər. Səmimi qəlbdən ünvanlanan təbriklər, göz yaşları ilə müşayət olunan dəruni hisslərin ifadəsi Akif Hüseynlinin fikir dünyası və zəngin elmi-fəlsəfi dünyasının tədqiqata ehtiyacı olduğunu ortaya qoydu. Sonuncu kurs tələbəsi Ülvi Babayevin öz ustadına ünvanladığı ürək sözləri isə mübaliğəsiz desək “Bir gəncin qəlb çırpıntıları” idi. Bu “Ülvi” döyüntüləri eşidəcək və böyük bir insanı tanıyacaqsız:
İnsanlığa örnək müəllimim
Bir insan tanıyıram mən: ”Adi”, sadə insanlardan həm fərqlənir, həm də fərqlənmir. Yəni ki, gündəlik rastlaşdığımız və ya tanıdığımız məhdud dünyagörüşlü, bu dünyaya niyə və nə üçün gəldiklərini bilməyən, bəlkə də bilmək istəməyən insanlardan deyil o. Lakin bu tip xarakterli insanlarla belə müəyyən bir söhbət əsnasında onları son sözlərinəcən dinləyər və fikirlərinə dəyər verər, qiymət verər. İnsanlar arasında hər hansı yaş, vəzifə, rütbə ayrımı etməz. Hər hansı bir mövzu və ya hadisədə özünü böyük göstərmək sevdasına düşməz. Elə “böyüklüyün” də şəni səmimi bir davranışda, özünü kiçik göstərməkdə deyilmi? Bu insan haqqında nə isə bir söz deməyə mənim kimi yarımçıq cümlələr quraşdıran birinin ləyaqəti çatmaz. Elə ona görə də Mövlanə Cəlaləddin Rumi həzrətlərinin bir neçə kəlamını xatırlamaq istəyirəm. ”Şəfqət və mərhəmətdə günəş kimi, başqalarının qüsurunu örtmədə gecə kimi, təvazökarlıqda torpaq kimi ol. Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Bu hər bir kəliməsində böyük hikmətlər yatan kəlamlardan çıxan ”olduğun kimi görünüb, göründüyün kimi olmaq” prinsipi sanki haqqında söhbət açdığım insanın həyatını mənalandırır. Sanki onun üzərinə mənəvi bir paltar kimi biçilib. Bu insan acılı-şirinli xatirələrlə dolu ömür karvanında uzun bir yol qət edib günümüzəcən. Əlbəttə ki, belə uzun və faydalı, məhsuldar ömür sahibi həyatın saysız-hesabsız gözlənilməyən sınaqlarına çəkilib hər kəs kimi. Lakin, yetmiş yaşın astanasında olan, ömrünün kamillik dövrünü yaşayan bu insan yenilməzliyin, əzəmətin, vüqarın və həmçinin qayğıkeşliyin, təvazökarlığın, bir sözlə daxili-mənəvi zənginliyin mücəssəməsidir. Haqsızlığa, hiyləgərliyə, ikiüzlülüyə və daha bu kimi könül bulandıran əməllərə qarşı bir dağ əzəməti ilə sərt, ciddi bir tövr sərgiləyir. Ancaq, ürək kövrəldən acı bir insan taleyi ilə rastlaşanda bir şam təki için-için əriyir!
O zahirən qaşqabaqlı, olduqca ciddi və sərt bir insan təsiri bağışlayır. Lakin,onunla bir az ünsiyyət qurduqca görürsən ki, qartalbaxışlı bu insanın gözlərindən qəlbinin dərinliklərinə doğru sonsuz, mənalı bir sevgi, hüdudsuz bir qayğı yolu var. Özü də bu sevgi dar, məhdud bir anlam ifadə etmir. O, bütünlükdə bəşəriyyəti sevir; heç bir ayrım etmədən insanların sevinci ilə ürək dolu sevinc hissi keçirir, kədərləri ilə də, sarsılır, kədərlənir, iztirab çəkir. O, uca yaradanın canlı, cismani bir kitab şəklində yaratdığl dünyanı sevir. Hələ vətənimiz Azərbaycanı adi bir qum dənəciyindən, uca dağlarına kimi, körpə bir gül fidanından, ucsuz-bucaqsız yamyaşıl meşələrinə daha nələrinə, nələrinə kimi....Özü də dünyaya sığmayan, alovlu, istəkli bir ürəklə sevir desəm ifadələrim bu sevginin yanında sönük qalar. Özünün dili ilə desək; ”...Vətən sevgisi bu torpağın daşından-kəsəyindən, hər hansı bir ağacından başlayır...”
Bu insan haqqında danışarkən niyyətim müəyyən qəlibləşən, şablon ifadələrlə quruca təriflər yağdırmaq deyil. Mən öz mənəvi saflığlnı qoruyub saxlamağı bacaran sərhədsiz bir insan ürəyindən hissə almaq istəyirəm. Bəli, hissə almaq! Mən bu insan haqqında söhbət açanda belə onun ən şərəfli varlıq olan insan isminə layiq həqiqi, kamil insan siması mənim üçün ölçü olur, bu gör-götür dünyasında. Sizlərdən nə gizlədim bu insan mənim sevimli ədbiyyat müəllimimdir. Bu insan həm də görkəmli tənqidçi-ədəbiyyatşünas alimdir. Mənim sevimli müəllimimin ağzından çıxan hər bir kəlimə bizim üçün dəyərli bir sərvətdir. Çünki, onun bizə dedikləri ilə yaşadıqları eyniyyət kəsb edir. Bizlər bircə kərə də olsun ondan boğazdan yuxarı, öz qəlbində, ruhunda yaşamadığı, üzərində hər hansı ciddi bir mühakimə aparmadığı, gəlişigözəl çiy bir kəlimə eşitməmişik. Çünki, qəlbi, ruhu, ağlı, düşüncəsi, bütün mənəvi aləmi ali hisslərlə coşub-daşan mənim sevimli müəllimim heç vaxt belə bir alçaqlığa tənəzzül etməz. Dediyim kimi, mən bu böyük insan haqqında daha çox yaza bilərdim. Lakin, nə etməli, qələmim hisslərimə tərcüman ola bilmir. Daha doğrusu bu bənzərsiz şəxsiyyəti ifadə edə bilmir....