Qafqaz universiteti ilə NKPİ arasında anlaşma memorandumu imzalanıb
11:25 / 17.12.2011
Dünən Qafqaz Universitetində Neft-Kimya Prosesləri İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasovla universitetin kimya fakültəsinin tələbələri arasında görüş keçirildi. “Kimya və həyat” mövzusunun müzakirə olunduğu tədbirdə V.Abbasov Azərbaycanın kimya sənayesinin tarixindən, əldə edilmiş uğurlardan, bu sahədə görülməsi nəzərdə tutulan işlərdən söz açdı. Bildirdi ki, Azərbaycan tarixən kimya ölkəsi olub. Hələ qədim zamanlardan ölkəmizdə boyaqçılıq sənəti geniş yayılmışdı. AMEA-nın müxbir üzvü onu da xatırlatdı ki, bu vaxta qədər 161 nəfər kimya mütəxəssisi Nobel mükafatına layiq görülüb. Qonaq bu barədə müəllifi olduğu kitabları Qafqaz Universitetinə hədiyyə etdi. Daha sonra Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya sahəsində əldə edilmiş nəticələrin adi həyatda tətbiqi üsullarından danışıb. Bu sahədə tələbələri maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda Neft-Kimya Prosesləri İnstitutu ilə Qafqaz Universiteti arasında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumuna əsasən Qafqaz Universitetinin Kimya fakültəsinin tələbələri təhsil müddətində Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçmək imkanı qazanırlar. Anlaşma memorandumunun imzalanmasına toxunan Universitetin rektoru Ahmet Saniç bu razılaşmanın kimya fakültəsinin tələbələrinin praktiki təcrübə qazanmasında mühüm rol oynayacağına inandığını bildirdi. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim olunub.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=38633
